Britaniyalı liderlər məscid imamına təşəkkür etdilər
Böyük Britaniyanın baş naziri Tereza Mey ilə ana müxalifətdəki Leyboristlərin lideri Ceremi Korbin Londonda keçən il baş verən terror aktından sonra təcavüzkarı izdihamın əlindən xilas edən məscidin imamına təşəkkür ediblər.
Deyerler.org BBC-yə istinadən xəbər verir ki, parlamentin İcmalar Palatasında hər həftə həyata keçirilən baş nazirə suallar iclasına qatılan Mey, bir il əvvəl baş vermiş hücumu xatırladaraq iclası açıb. “Bu, həqiqətən, bizi bölmək niyyətində olan bir cinayətdir. Ancaq bunun reallaşmasına imkan verməyəcəyik”, - deyən Mey təcavüzkarı izdihamın əlindən xilas edən Məhəmməd Mahmudun da iclasa qatıldığını bildirib. “Əminəm palatanın bütün üzvləri onun qeyri-adi cəsarəti və alicənablığını təqdir edilməsində mənə dəstək verəcəklər”, - deyə T.Mey qeyd edib. Baş nazirdən sonra söz alan Ceremi Korbin də dostum deyə müraciət etdiyi Məhəmməd Mahmudun İcmalar Palatasına gəlməsinə görə məmnun olduğunu bildirib. Hadisə vaxtı təcavüzkarın döyülməsinə mane olmasından dolayı imama təşəkkürlərini təqdim edən Korbin, sözlərini belə davam etdirib: “Seçki məntəqəmdəki küçələrdə zorakılığın baş verməsinə mane oldu. İnsanları bir araya gətirmək üçün etdiklərinə görə, ona və yerli cəmiyyətdəki bütün digər dini liderlərə təşəkkür edirəm. İrqçilik harada baş verməsindən asılı olmayaraq, ölkə olaraq bunu hamılıqla pisləməliyik”. Keçən il iyunun 19-da Londonun şimalındakı Finsbari Parkı səmtində bir təcavüzkar idarə etdiyi furqonu “Müsəlman Rifah Evi” məscidində namazdan çıxan camaatın üstünə sürmüşdü. Hücumda 51 yaşlı Makram Əli hadisə yerində həlak olmuş, 11 nəfər yaralanmışdı. 48 yaşlı Darren Osborn adlı təcavüzkar, terrorla əlaqəli cinayət və cinayətə təşəbbüs ittihamı ilə 43 il həbs cəzasına məhkum edilib. Oxşar xəbərlər
|