Bəşər Əsəd: “Ağ dəbilqəlilər digər terrorçular kimi məhv ediləcək”
Suriyanın prezidenti Bəşər Əsəd tərksilah olmaqdan imtina edib, amnistiyadan istifadə etmək istəməyən Ağ dəbilqəlilərin digər bütün terrorçular kimi məhv ediləcəyini bildirib.
Deyerler.org Sputnik-ə istinadən xəbər verir ki, Rusiyanın mətbuat nümayəndələrinə açıqlama verən Əsəd, belə danışıb: “Ağ dəbilqəlilərin taleyi istənilən bir terrorçu ilə eyni olacaq. Qarşılarında iki yol var, ya son 4-5 ildir tətbiq olunan formada tərksilah olub amnistiyadan istifadə edəcəklər, ya da digər terrorçular kimi məhv ediləcəklər”. Əsəd Ağ dəbilqəliləri Əl-Qaidə və Fəth Əş-Şam (Nusra Cəbhəsi) terror təşkilatlarının brendi olduğunu söyləyib: “Ağ dəbilqəlilər deyə bir təşkilat yoxdur. Bu sadəcə bir brenddir. Nusranın brendidir. Suriyadan qaçdılar, əslində qaçmadılar, İsrail rejimi, İordaniya və “humanist” Qərb ölkələri tərəfindən təxliyə olundular və indi internetdə, eyni təşkilat üzvlərinin əllərində qılınclarla öldürülən suriyalı əsgərlərin cəsədlərinin üzərində necə bayram etdiklərini göstərən video və fotolar var. Bütün bu görüntülər var. Bu səbəblə, onların humanist bir təşkilat yox, Əl-Qaidənin bir brendi olduğuna dair daha hansı bir sübut olmalıdır?”. Əsəd Rusiya və Suriyanın qaçqınların Suriyaya qayıdış prosesinə maksimum əməkdaşlıq etmək imkanlarını müzakirə etdiklərini deyib: “Hökumətimiz infrastrukturu yenidən inşa etmək üçün əlindən gələni edir, lakin bu kifayət deyil. İqtisadiyyatın, iş yerlərinin yenilənməsi, məktəblərin və ilk növbədə qaçqınların məskunlaşacaq yerlərinin olması üçün evlərin inşa edilməsi kimi, məsələləri düşünmək lazımdır. Rusiya və Suriya hökumətləri arasındakı danışıqların ən önəmli məsələsi də, qaçqınların Suriyaya qayıdış prosesinə dair maksimum əməkdaşlığın necə təmin olunacaq”. Suriyanın prezidenti müharibədən əvvəl öz işini qurmuş olan suriyalı qaçqınlara ölkələrinə qayıtmaları üçün də səslənib: “Hər bir suriyalının, xüsusilə də 2016-cı ilin sonunda Hələbdəki terrorizmin öhdəsindən gəldikdən sonra Suriyaya qayıtmasını istərdik. İndi terrorçuları daha aktiv bir şəkildə təqib edirik, Suriya torpaqlarının böyük bir hissəsi onlardan təmizlənmiş vəziyyətdədir. Bu səbəblə burada əvvəldən öz işləri olan qaçqınları və xüsusən suriyalıları geri çağırırıq”. Əsəd İdlib və yaraqlıların sığındığı digər bölgələrin, Suriya ordusunun prioritet istiqamətləri olacağını deyib: “İndiki hədəfimiz İdlibdir, amma təkcə ora kifayət deyil. Suriyanın şərqində müxtəlif qrupların nəzarətində olan torpaqlar əlbəttə ki mövcuddur, bəzi kiçik bölgələrə İŞİD nəzarət edir, bəziləri də Nusra Cəbhəsinin və digər ekstremist təşkilatların nəzarətindədir. Bu səbəblə bütün bu regionlara doğru gedəcəyik”. Rusiyanın Suriyadakı mövcudluğunu da qiymətləndirən Əsəd, sözlərinə belə davam edib: “Rusiya kiçik bir ölkə deyil, böyük bir gücdür. Bu səbəblə bütün dünyaya qarşı bir öhdəliyi var və o, bütün dünya üçün məsuliyyət daşıyır. Bu məsuliyyətin bir hissəsi də, lazım olduğu vəziyyətdə müxtəlif bölgələrdə siyasi və hərbi mövcudluğunu göstərməkdir. Bəlkə də hərbi baxımdan daxil olmaq istəməyə bilərlər, amma bu gün dünyadakı reallıq, sizləri müəyyən istiqamətlərdə getmək məcbur qoyacaq növdəndir. Bu səbəblə Rusiyanın Silahlı Qüvvələri dünyadakı siyasi balans dəyişənə qədər regionumuzdadır, ən azından Yaxın Şərqdəki balans üçün mühümdür. Bəlkə də belə bir şey olmaz, bunu bilmirik. Bu səbəblə bu mühüm və lazımlıdır”. İki ölkə arasında Hmeymim bazasının istifadəsilə bağlı müqaviləyə də toxunan Əsəd, sözlərini belə davam etdirib: “Bildiyiniz kimi, hazırda Suriya və Rusiya arasında Hmeymimdəki baza ilə bağlı mövcud müqavilə var. Bu müqavilə daha 40 il ərzində qüvvədə qalacaq. Əgər Rusiya ordusu təkcə terrorla mübarizə məqsədilə buraya gəlmiş olsaydı, onda niyə 40 ildən daha uzun müddətli müqavilə imzalamalıydıq? Bir neçə illik müqavilə bağlana bilər və daha sonra davamlı olaraq uzada bilərdik”. Əsəd bu səbəblə Rusiya əsgərlərinin Suriyadakı mövcudluğunun iki istiqamətini açıqlayıb: “Birincisi, terrorla mübarizə, çünki ruslar bu şəkildə həm Suriya, həm Rusiya, həm də başqa ölkələri qoruyur. İkincisi isə, dünyadakı hərbi və siyasi balansdır”. Oxşar xəbərlər
|