Bu il xərçəngdən 9,6 milyon nəfər dünyasını dəyişir
Bu il 18 milyondan çox adam xərçəngə tutulub və 9,6 milyon nəfərin bu xəstəliyin müxtəlif formalarından dünyasını dəyişəcəyi gözlənir. BMT-nin Xərçəng Araşdırmaları Beynəlxalq Agentliyinin sentyabrın 12-də açıqladığı hesabatda belə deyilir.
Bu agentlik Ümumdünya Səhiyyə Təşkilatının xərçəng üzrə ixtisaslaşmış təşkilatıdır. Qurum bildirir ki, bu xəstəlik dünyada səhiyyəyə artan təhlükədir. 6, 10 İL ÖNCƏYLƏ MÜQAYİSƏ Dünyada hər 5 kişidən biri və hər 6 qadından biri xərçəngə tutulur. Hər 8 kişidən biri və hər 11 qadından biri bu xəstəlikdən dünyasını dəyişir. 2012-ci ildən bəri ilk dəfə yayılan hesabatda belə deyilir. Müqayisə üçün, altı il öncə xərçəngə 14,1 milyon nəfər tutulub, 8,2 milyon nəfər isə dünyasını dəyişib. 2008-ci ildə xərçəngə tutulanların sayı 12,7 milyon, bu xəstəlikdən ölənlərin sayı isə 7,6 milyon nəfər olub. Ümumilikdə, bu il xərçəngə tutulanların, demək olar, yarısı, bu xəstəlikdən ölənlərin isə yarıdan çoxu Asiyada qeydə alınır. Bunun bir səbəbi dünya əhalisinin 60 faizə yaxınının burada məskunlaşmasıdır. Xərçəngə tutulanların təxminən 25 faizi, xərçəngdən ölənlərin isə beşdə biri Avropanın payına düşür. Baxmayaraq ki, Avropada dünya əhalisinin yalnız 9 faizi yaşayır. Amerikalarda dünya əhalisinin 13 faizindən çoxunun məskunlaşmasına baxmayaraq, xərçəng xəstəliklərinin yalnız 21 faizi, dünyasını dəyişənlərin isə 14 faizi burada yaşayır. ZƏİF DİAQNOZ, ZƏİF MÜALİCƏ Asiyada və Afrikada xərçəngdən ölüm sayı (uyğun olaraq 57,3 və 7,3 faiz) xəstəliyin aşkarlanma hallarından (48,4 və 5,8 faiz) daha çoxdur. Bu, bəzi xərçəng növlərinin diaqnozunun zəif qoyulması, müalicənin zəifliyi ilə əlaqələndirir. Ağciyər xərçəngi həm kişilər, həm də qadınlar arasında əsas ölüm səbəbidir, 28 ölkədə xərçəngə tutulan qadınlar xəstəliyin məhz bu növündən dünyalarını dəyişirlər. Hesabatda qeyd olunur ki, bir çox ölkələr siqaretlə bağlı xəstəliklərin önlənməsi üçün daha çox iş görməlidirlər. Bəzi ölkələrin siqaret çəkilməsinin azaldılması yönündə tədbirlər gördüyü də vurğulanır. Agentliyin bildirməsinə görə, xərçəngin yayılması bir sıra faktorlarla əlaqəlidir. Bu sırada əhali artımı, yaşlanma da var, sosial, iqtisadi amillər də. Sürətlə artan iqtisadiyyatlarda bunu əyani görmək olur. Məsələn, sənayeləşmiş ölkələrdə yoxsulluq və infeksiyadan yaranan xərçəng növləri getdikcə həyat tərzindən doğan növlərlə əvəzlənir. /azadliq.org / Oxşar xəbərlər
|