‘Tağutun bugünkü nümunəsi ABŞ və onun əlaltılarıdır’ - Ayətullah Xamenei
Bəzilərinin düşmən qazanmamaqla bağlı tövsiyəsi yanlışdır. Çünki tağut cəbhəsi tövhid hərəkatının mahiyyəti ilə müxalifdir.
Maide.Az “Leader.ir” saytına istinadən xəbər verir ki, bunu Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei "Məbəs" bayramı münasibətilə hökumət rəsmiləri, müsəlman ölkələrinin səfir və nümayəndələri, eləcə də bir qrup şəhid ailələri görüşündə deyib. Görüş iştirakçılarını və dünya müsəlmanlarını Məbəs bayramı münasibətilə təbrik edən Ayətullah Xamenei “Məbəs”i və peyğəmbərlərin müxtəlif cəmiyyətlərdə zühurunu “tövhid və bəndəçilik”, “tağutdan çəkinmək” məqsədilə böyük bir hərəkətin yaranması kimi dəyərləndirib. “Tağut, əslində, tövhid qarşısında duran bir cərəyandır. Onun bugünkü xarici nümunəsi ABŞ və bəzi digər ölkə rəhbərləridir.” Peyğəmbərlərin besətində yeni sivilizasiya və dəyərli bir cəmiyyətin formalaşdırılmasının nəzərdə tutulduğunu vurğulayan Ayətullah Xamenei bildirib ki, bu sivilizasiyada bütün lazımi vasitələr, o cümlədən, elm, əxlaq, həyat tərzi və hətta müharibə də mövcuddur. “Bəziləri elə düşünürlər ki, İslam müharibəni məhv etmək üçündür. İslamda da müharibə anlayışı var. Lakin önəmli məsələ bu müharibənin istiqamətidir. Çünki tağut cərəyanı fəsad, hegemonluq, çirkli məqsədlər üçün müharibə edir. Bu növ müharibə pislənilib, tağut qarşısında müharibə isə bəyənilib. Sionist rejimin uzun illər ərzində təcavüzkarlıqları tağut cərəyanının müharibəni alovlandırmasına aşkar nümunədir. Onun qarşısında Fələstinlilərin və Hizbullahın müqaviməti, eləcə də İran xalqının Səddam rejimi qarşısında səkkiz illik müdafiəsi Allah yolunda cihadın bariz nümunəsidir”. Ayətullah Xamenei bildirib ki, İslam Respublikası ilə düşmənçiliyin əsas səbəbi tağut cəbhəsi ilə tövhid cəbhəsinin düşmənçiliyinin davamıdır. “Bəzilərinin düşmən qazanmamaqla bağlı tövsiyəsi yanlışdır. Çünki tağut cəbhəsi tövhid hərəkatının mahiyyəti ilə müxalifdir. ABŞ sizdən istəyir ki, İslamdan əl çəkəsiniz. Amerikanın nökərləri, misal üçün, Səudiyyə Ərəbistanı da bunu istəyir. Bu tövhid və tağut savaşında Allahın istədiyi şəxs qalib gələcək. Əgər İran xalqı indiyədək hərəkət etdiyi kimi yolunu davam etdirərsə, əmin olun ki, düşmənlərə – ABŞ və onun əlaltılarına qələbə çalacaq. Əlbəttə, bu nəticəyə çatmaq üçün Allah yolunda cihaddan əl çəkməmək, sədaqətli olmaq və səhlənkarlığa yol verməmək lazımdır.” Ali Rəhbər İranda baş verən güclü sel fəlakətinə toxunaraq bildirib ki, baş verən fəlakətin aradan qaldırılması üçün hələ çox işlər qalıb: "Mən dövlət rəsmilərinə və vəzifəli şəxslərə tapşırmışam ki, əsas vəzifələri seldən əziyyət çəkənlərə yardım etməkdir; ailələrə kompensasiya ödənilməli, yaşayış yerləri bərpa olunmalıdır. Xalqa dəyən ziyanlar kompensasiya edilməlidir. Əlbəttə, xalq da bu işdə dövlət rəsmilərinə kömək etməlidir. Çünki onların köməyi, həqiqətən, həlledicidir". Oxşar xəbərlər
|