Ali Dini Rəhbərin ofisinin rəhbəri: “Britaniya vasitəçi göndərdi”
Ali Dini Rəhbər Ayətullahul-üzma Seyid Əli Xameneinin İslam İnqilabı Rəhbərlik Ofisinin rəhbəri Məhəmməd Məhəmmədi Gülpayiqani Böyük Britaniyanın saxlanılan tankeri ilə bağlı İrana vasitəçi göndərdiyini deyib.
Deyerler.org Təsnimə istinadən xəbər verir ki, Britaniya tankerini saxlayan İranın İnqilab Keşikçiləri Ordusunu (SEPAH) təqdir edən M.Gülpayiqani, belə danışıb: “İranda bir vaxtlar nazir və deputatları təyin edən bir ölkə indi İrana vasitəçi göndərəcək səviyyəyə gəlib”. Məhəmməd Gülpayiqani Britaniyanın göndərdiyini bildirdiyi vasitəçi haqqında məlumat verməyib. Bu arada, Şarkul Avsat qəzeti İraqın baş naziri Adil Əbdülmehdinin İran-Britaniya tanker böhranından sonra Tehrana sürpriz bir səfər həyata keçirdiyinə diqqəti çəkərək, Britaniyanın müdafiə naziri ilə Əbdulmehdi arasında baş tutan telefon danışığından sonra bu səfərin baş tutduğunu yazıb. İraq baş nazirinin ofisindən verilən yazılı bəyanatda da, Əbdülmehdinin iranlı rəsmilərlə, İran ilə ABŞ və Böyük Britaniya arasındakı gərginliyi müzakirə edəcəyi bildirilib. Britaniya rəsmiləri ilə telefon danışığına dair verilən açıqlamada, ikitərəfli münasibətlər və bunları inkişaf etdirmək yolları ilə yanaşı, regional təhlükəsizlik, gərginliyi azaltmağın yolları və gərginliyi artıracaq amillərin qarşısının alınmasının müzakirə olunduğu bildirilib. Açıqlamada, telefon danışığında hər iki tərəfin körfəz regionu və Yaxın Şərqin təhlükəsizlik və sabitliyə qovuşması, bütün ölkələrə nəqliyyat azadlığının təmin olunması və beynəlxalq hüquqa hörmət göstərilməsinin vacibliyini vurğuladığı və bunun üçün əməkdaşlıq etmək istiqamətində iradə ortaya qoyulmalı olduğu bildirilib. İraq baş nazirinə yaxın mənbələr, Əbdülmehdinin iş planında olmayan Tehran səfərinin səbəblərinə dair məlumat verməsələr də, Bağdaddakı siyasi müşahidəçilər İran-Britaniya xəttində Hörmüz boğazında baş verən tanker böhranının səfərin başlıca səbəblərindən olduğunu bildirib. Əbdülmehdi ilə Britaniya rəhbərliyinin telefon danışığından sonra baş tutan sürpriz Tehran səfəri, Britaniyanın İraqdan London-Tehran gərginliyinin azaldılması üçün vasitəçi rolunu üzərinə götürməsi şəklində şərh edilir. Digər tərəfdən, Omanın xarici işlər naziri Yusif bin Ələvinin bölgədəki böhranı müzakirə etmək üçün şənbə günü İrana səfər edəcəyi bildirilib. Oman Xarici İşlər Nazirliyinin Twitter səhifəsindən verilən açıqlamada, Ələvinin ikitərəfli münasibətlər və regiondakı son proseslərlə bağlı iki ölkə arasında davamlı dialoq çərçivəsində növbəti şənbə günü İrana səfər edəcəyi bildirilib. Açıqlamada, münaqişələrin diplomatik yollarla həll edilməsinin vacibliyi vurğulanıb. Ələvinin İrana edəcəyi səfər Omanın İran tərəfinə cümə günündən etibarən saxladığı Britaniya neft tankerini buraxmağa dəvət etdiyi bir vaxta təsadüf edir. ABŞ və İran ilə yaxşı münasibətləri olan Oman, 2015-ci ildə imzalanan nüvə müqaviləsində tərəflər arasında vasitəçilik rolu oynamışdı. Ələvi bölgədəki gərginliyin azaldılması məqsədilə 10 gün əvvəl də İraqa səfər etmişdi. Oxşar xəbərlər
|