Paris məhkəməsindən Səud Kralının qızına 10 aylıq həbs
İslamazeri.com "BBC"yə istinadən xəbər verir ki, Paris məhkəməsi Səudiyyə şahzadəsinə bir təmirçinin döyülməsi və qaçırılması ilə əlaqədar öz dəbdəbəli mənzilində 10 aylıq şərti cəza verib.
Qırx üç yaşlı Hassa ibn Salman Səudiyyə vəliəhd şahzadəsi Məhəmməd ibn Salmanın bacısı və Kral Salmanın qızıdır. O, cangüdəninə evinin içərisində fotolar çəkən təmirçini döydürtməkdə ittiham olunur. Təmirçi Əşrəf Eid deyib ki, mühafizəçi onu bağlayıb və şahzadənin ayaqlarını öpməyə məcbur edib. Cümə axşamı Fransa məhkəməsi şahzadəni silah istifadəsi etməklə şiddətdə və adam qaçırmaqda günahkar hesab edib. Barəsində beynəlxalq həbs qərarı çıxarılmış və qiyabi mühakimə olunan şahzadəyə 10 min avro cərimə də verilib. Şahzadə əvvəllər ona qarşı irəli sürülən ittihamları rədd edib. Onun cangüdəni Rani Saidi 8 ay şərti cəza və 5 min avro (4,460 funt) cərimə ilə cəzalandırılıb. Məhkəmə prosesindən sonra şahzadə Hassanın fransız vəkili Emmanuel Moyne, təmirçinin iddialarının "fantastik" olduğunu söyləyib və qərardan apellyasiya şikayəti verəcəklərini deyib. Nə baş verib? 2016-cı ilin sentyabr ayında cənab Əşrəf Eid vanna otağında təmir aparmaq üçün Fransa paytaxtındakı Avenue Foch-dakı lüks mənzilin beşinci mərtəbəsinə çağırılıb. Misirli təmirçi vanna otağının iş üçün lazım olan şəkillərini çəkdiyini söyləyib. Lakin şahzadənin güzgüdəki əksinin fotoya çəkildiyini gördükdə qəzəbləndiyi iddia edilib. İttihamda qeyd olunub ki, şahzadə cangüdəni çağırıb və ona təmirçini bağlamağı və döyməyi söyləyib. Təmirçi onun ayaqlarını öpmək məcburiyyətində qaldığını və bir neçə saat müddətində orada saxlandığını söyləyib. Təmirçi iddia edib ki, şahzadə qışqıraraq cangüdəninə deyib ki, "o iti öldür, o, yaşamağa layiq deyil". Cangüdən Saidi iyul ayında məhkəməyə deyib ki, şahzadənin kömək üçün çağırışını eşidib və gedib təmirçi Eidi tutaraq telefonunu alıb. Cangüdən deyib ki, təmirçi şəkilləri satmaq istəyib. Səudiyyə qanunlarına görə şahzadənin şəkillərini çəkmək qadağandır. Müdafiə vəkilləri cənab Eidin hadisədən sonrakı gündə 21 min avro məbləğində qəbzlə iqamətgaha qayıtmasının səbəbini soruşublar. Şahzadə Hassa kimdir? Səudiyyə dövlət mediasında şahzadə Hassa xeyriyyəçilik fəaliyyətinə və qadın hüquqlarının müdafiəsinə görə alqışlanır. Hadisədən qısa müddət sonra şahzadənin Fransanı tərk etdiyi bildirilir. O, iddialarla əlaqədar sorğu-sual edilib. Fransız hakimin 2018-ci ilin mart ayındakı həbs qərarından sonra şahzadə Hassa Səudiyyə Ərəbistanında qalmağa məcbur olub. Onun vəkilinin məhkəmədə təmsil etdiyi şəxsin Skype-la məhkəməyə ifadə verməsini təklif etdiyi bildirilib. Oxşar xəbərlər
|