Seyid Həsən Nəsrullah:"Qasim Süleymaninin ayaqqabısı Trampın başından dəyərlidir"
Livanın Hizbullah hərəkatının baş katibi Seyid Həsən Nəsrullah ABŞ-ın terror hücumunda general-mayor Qasım Süleymaninin şəhid olmasının region tarixində yeni bir başlanğıc nöqtəsi kimi qiymətləndirib.
Deyerler.org Mehrə istinadən xəbər verir ki, Seyid Həsən Nəsrullah bir neçə saat əvvəl regional proseslərlə əlaqədar mühüm bir çıxış edib. Hizbullahın lideri ABŞ-ın Bağdad Hava Limanındakı terror hücumunda şəhid olan general-mayor Qasım Süleymani və Əbu Mehdi Əl-Mühəndis üçün təşkil edilən anım mərasimində etdiyi çıxışında belə deyib: “General-mayor Süleymaninin şəhid olması bölgədə yeni bir tarixin başlanğıc nöqtəsidir”. Seyid Həsən Nəsrullah çıxışının davamında bunları qeyd edib: “ABŞ-ın hücumunda şəhid olanların ailələrinin kədərlərinə şərikik. Hacı Qasımın məqsədi şəhidlik idi və arzu etdiyi diləyinə çatdı. Düşmənin edə biləcəyi şeyin sonuncusu bizi öldürməkdir. Biz Allah yolunda ölməyin tərəfdarıyıq. Bizi gücləndirən və düşməni məğlub etməyimizi təmin edən imandır. Cümə axşamı yeni bir qələbə əldə edildi. Çünki şəhidlik qələbədir”. ABŞ-ın Bağdaddakı hərəkətinin bir terror hücumu olduğunu qeyd edən Seyid Həsən Nəsrullah, belə deyib: “Bu Trampın əmri ilə edilən birbaşa bir cinayət idi. Bu hadisənin bir başqa səbəbi də bölgədəki son proseslər və ABŞ prezidenti seçkilərinin yaxınlaşmasıdır. Trampın iqtidara gəldiyi gündən etibarən ilk hədəfi İran dövlətini dəyişdirmək idi. Tramp nüvə razılaşmasından çıxaraq, maksimum siyasəti istiqamətində sanksiya tətbiq etməyə başladı. Lakin, Trampın bu səylərinin nəticəsi olmadı”. Seyid Həsən Nəsrullah sözlərinə belə davam edib: “Tramp üçün daha bir məğlubiyyət qoşunlarını Suriyadan çıxarmaq və kürd müttəfiqlərinə xəyanət etmək idi. Trampın İraqdakı planı nədir? Tramp zalımdır və heç bir ölkənin gücünü qəbul edə bilməz. Hər seçki kampaniyasında İraq nefti bizim haqqımızdır. Bölgədə xərclədiyimiz pulu geri almalıyıq deyir. Tramp İraqdan neft istəyir. Buna mane olan bir hökuməti sevmir. Amerikalılar illərlə İraqda İŞİD səbəbi ilə qalmaq istəyirlər. “İŞİD var” deyə İraqda hərbi bazalar qurdular. İŞİD general-mayor Süleymani və Əbu Mehdi Əl Mühəndisin mübarizələri ilə məğlub olanda ABŞ üçün heç bir bəhanə qalmadı. Amerikalılar İraqdan çıxmağı düşünmürlər”. Şəhid general-mayor Süleymaninin ayaqqabısının belə Trampın başından daha qiymətli olduğunu söyləyən Hizbullahın baş katibi, belə deyib: “İranın necə cavab verməsindən asılı olmayaraq biz müqavimət güclərinin də öz cavabı olmalıdır. Cavabımız isə ABŞ-ın regionda tam varlığına qarşı olmalıdır. Çünki söhbətlər gəzir ki, Qasim Süleymaninin müqabilində kim öldürülməlidir. Bilin ki, heç kəs onun dəyərində deyil. Qasim Süleymaninin ayaqqabısı Trampın başından dəyərlidir". Çıxışında Seyid Nəsrullah İraq parlamentinin ABŞ qoşunlarının İraqdan çıxarılmasına səs verəcəyini gözlədiklərini bildirib: "ABŞ İran və İraq arasında ixtilaf yaratmaq istəyirdi. Amma bunu bacarmadı. İndi hər kəs İraq parlamentinin qərarını gözləyir. Parlament ABŞ əsgərlərinin İraqdan çıxmasını təsdiqləməsə, bilirəm ki İraqlılar və İmam Hüseyn (ə ) aşiqləri olan müqavimət qüvvələri İraqda bir amerikalı əsgərin belə qalmasına icazə verməyəcək. ABŞ-a verilən ən yaxşı cavab, onların İraqdan qovulmasıdır. Amerika İraqı itirməsinlər deyə general-mayor Süleymanini şəhid etdi. Amma artıq İraqı itirəcəklər”. Qeyd edək ki, artıq İraq parlamenti ABŞ qüvvələrinin İraqdan çıxarılmasına qərar verib. Oxşar xəbərlər
|