Alimlərdən soruşmaq, müdriklərlə oturub-durmaq, yoxsullarla dost olmaq
Həzrət Peyğəmbər (s) buyurur: “Alimlərdən soruşun, müdriklərlə oturub-durun, yoxsullarla dost olun”.
Alimlərlə rabitə. Həzrət Peyğəmbər (s) buyurur ki, əgər sualınız olsa, onu alimlərdən soruşun. İnsan sual verərək hansısa elmi öyrənə bilər. Ona görə də mömin insan həmişə təhsil ardınca olmalı və qarşısına çıxan sualları alimlərdən soruşmalıdır. Xüsusilə də bu tövsiyə cavanlara aiddir. Çünki onların zehni daha itidir və soruşduqları sualların cavabları uzun illər yadlarında qalacaqdır. Müdriklərlə rabitə. Müdrik insan o kəsdir ki, məsələləri daha dərindən dərk edir və cəmiyyətin vəziyyəti haqqında daha dərin elmə malikdir. Belə insan adi görünsə də, ancaq bir məsələ haqqında danışan zaman ölçülmüş və məntiqli sözlər danışar. Bu cür insanlarla oturub-durmaq insanın özünü də müdrik edər. Yoxsullarla rabitə. Həzrət Peyğəmbər (s) buyurur ki, yoxsul insanlarla yoldaş olun. Yəni, kim olduğunuzdan asılı olmadan, yoxsullar ilə yaxın rabitədə olun. Bu əməlin çox faydaları vardır. Yoxsullar ilə rabitədə olmaq – insanı tamah, hərislik, simiclik kimi sifətlərdən uzaq saxlayar. Çünki, insan həyatın həqiqətlərini görər və başa düşər ki, bu dünya – bütün bər-bəzəyinə baxmayaraq, fanidir və əbədi deyildir. Həmçinin yoxsullarla rabitədə olmaq – onlarla həmdərd olmağa və qəlbin yumşalmasına gətirib çıxardar. İnsan başa düşər ki, bu dünyada sənin malik olduqlarından məhrum olan insanlar da mövcuddur. Ona görə də əlində olanların qədrini bilər və Allaha şükür edər. Uca Allah bizləri bu mübarək buyuruşa əməl edənlərdən qərar versin! /Deyerler.org/ Oxşar xəbərlər
|