Roma Papası dünya ictimaiyyətinə səsləndi
Pasxa mərasimi zamanı katoliklərin ruhani lideri Fransisk beynəlxalq cəmiyyəti "COVID-19" vaksinlərinin paylanmasında irəliləməyə çağırıb.
Pandemiya dövründə bəzi ölkələrin hərbi xərclərindəki artışı və silahlı qarşıdurmanı tənqid edən Roma Papası bunu utanc verici adlandırıb. Fransisk mesajında beynəlxalq problemlərdən bəhs edərək, sülh çağırışı edib və belə deyib: "Pandemiya (koronavirus) hələ də yayılır və xüsusilə yoxsullar üçün sosial və iqtisadi böhran çox dəhşətlidir. Lakin silahlı qarşıdurmanın hələ bitməməsi və hərbi arsenalın hələ də gücləndirilməsi ayıbdır. Bütün beynəlxalq ictimaiyyəti qlobal bir məsuliyyət ruhunda vaksin paylanmasında gecikmələri aradan qaldırmaq və xüsusilə də kasıb ölkələrdə paylanmasını asanlaşdırmaq əzmində olmağa çağırıram. Dünyada hələ çox müharibə və zorakılıq var! Bizə əmin-amanlıq verən Tanrı müharibə baxışı bucağından çıxmağımıza kömək etsin. Nüvə silahları qorxunc bir vasitədir. Bu ölümcül vasitələr olmasa, dünya nə qədər yaxşı olardı". Roma Papası Myanmadakı son hadisələrə və 1 fevraldan bəri 550-dən çox insanın öldüyü bildirilən bu ölkədəki hərbi çevrilişə də toxunub. O, demokratiyanı dəstəkləməyə və səslərini sülh içində eşitdirməyə qərarlı olan Myanma gənclərini tərifləyib. Fransisk Yəmən böhranı qarşısında utanc verici bir sükut yaradıldığını söyləyib. Həmçinin Şimali Efiopiyadakı Tiqray və Mozambikdəki Kabu-Delqadu da daxil olmaqla Afrikanın bir çox yerinə sülh çağırışı edib. Katoliklərin ruhani lideri çıxışının sonunda Fələstin və yəhudilər arasındakı məsələyə toxunub. Dinc şəkildə birlikdə yaşaya biləcək iki dövlətli bir həll yolu tapmaq üçün onları yenidən danışıqların gücündən istifadə etməyə çağırıb. (eastnews.org) Oxşar xəbərlər
|