Bu ölkədə müsəlman şagirdlərə dərslərdə hicabla iştirak etməyə icazə verilib
Nigeriyanın Kvara ştatında yerləşən məktəblərin müsəlman şagirdlərinə dərslərdə hicabla iştirak etməyə icazə verilib.
İslamazeri.com AA-ya istinadən xəbər verir ki, bu barədə ölkənin təhsil məsələləri və insan resurslarının inkişafı üzrə komissarı Hajia Saadatu Madibbo Kavu bildirib. Onun sözlərinə görə, məktəblərdəki hicab məsələsini həll etmək üçün hökumət rəsmiləri Kvaranın müsəlman və xristian icmalarının liderləri ilə görüşüblər. Kavu hər iki icmanın liderlərini Kvara ştatında sülhün bərqərar edilməsinə yardım etməyə çağırıb. “Nigeriyada din azadlığı var. Buna görə də məktəblərdə də bizim müsəlman uşaqlar hicab geyinə bilərlər“, - deyə komissar qeyd edib. Xatırladaq ki, daha öncə Nigeriya hökuməti elan etmişdi ki, tezliklə Kvara ştatındakı bütün məktəblərdə hicaba icazəyə dair qərar qəbul edəcək. Müsəlmanlar bu qərarı müsbət qarşılasalar da, xristian icmasının təmsilçiləri buna qarşı çıxıblar. İki icma arasındakı fikir ayrılıqlarının fonunda Kvarada 2021-ci il 8 mart tarixindən 10 dövlət məktəbi qapanmışdı. Bir müddət sonra - 2021-ci il 17 martda ştat hökumətinin qərarı ilə məktəblər fəaliyyətlərini bərpa ediblər. Lakin az müddət sonra məktəblərdən birində müsəlman qızın məktəbə hicabla buraxılmamasına görə insident baş vermiş və nəticədə də 5 nəfər xəsarət almışdı. Oxşar xəbərlər
|