Ayətullah Sistani "qeyb dövrü"ndə möminlərin vəzifələri barədə
Həzrət Ayətullah Üzma Seyyid Əli Hüseyni Sistani cənablarına ünvanlanan sualın mətnini və cavabını təqdim edirik:
Sual: Bismillahir-Rəhmanir-Rəhim Ali Məqamlı Təqlid Mərcəsi Həzrət Ayətullah Üzma Sistaninin dəftərxanasına. Allahın salamı, rəhməti və bərəkəti üzərinizə olsun Həzrət İmam Mehdinin (ə.f) mübarək mövlud günü, Nimeyi-Şəban bayramının astanasında sizdən xahiş edirik ki, O həzrətin (ə.f) qeybdə olduğu dövrdə Əhli-Beyt (ə) şiələrinin vəzifələri və məsuliyyətləri barədə ali məqamlı təqlid mərcəsi Həzrət Ayətullah Üzma Seyyid Əli Hüseyni Sistani cənablarının fikrini bizim üçün açıqlayasınız. Cavab: Bismihi-Təala (Mütəal Allahın adı ilə) Bütün möminlərin vəzifəsi budur ki, həmişə yadlarında olsun ki, Həzrət Mehdi (ə.f) bu əsrdə onlar üçün Allah-Taala tərəfindən seçilmiş imamdır. Amma İlahi hikmət səbəbi ilə zühur icazəsi alıncayadək gözlərdən gizli qalacaqdır. Buna görə də möminlər o həzrəti tanımalı, ona (qeybdəki imama və zühur edəcəyinə) etiqad bəsləməli, ona sevgilərini aşkar etməli, onu həmişə xatırlamalı, aşkar və gizlində onun üçün dua etməkdən qafil olmamalıdırlar. Onun və atalarının (ə) adına məclis və mərasimlər təşkil etməklə onların (ə) adı və xatirəsini canlı saxlamalı, zalimlərin onlara etdikləri zülmləri danışmalıdırlar. Unutmamalıdırlar ki, O həzrət (ə.f) özünün qeybdə olduğu dövrdə baş verən zülmləri, cəmiyyətin məhvə doğru getməsini müşahidə edir və buna görə narahatdır və inciyir, ədalətin bərpası və dini azğınlıqların islah edilməsi üçün zühur edəcəyi günü şövqlə gözləyir. Bütün möminlər bilsinlər ki, onların hamısı İmam Mehdinin (ə.f) diqqət mərkəzindədirlər, onların halı və vəziyyəti imama məlumdur. İmam (ə.f) onların hər birinə əhəmiyyət verir. Onlara ata və anadan mehribandır. Onlar üçün dua edir. Buna görə də yaxşıdır ki, möminlər öz ehtiyaclarının təmin edilməsi və problemlərinin həlli üçün O həzrətə (ə.f) təvəssül etsinlər. Möminlər O həzrətin (ə.f) təşrif buyuracağı günün intizarında olsunlar və onun tez bir zamanda zühur etməsi üçün dua etsinlər. Özlərini bəsirət, yəqin və doğru itaətkarlıqla zühur üçün hazırlasınlar. Möminlər əməlləri ilə O həzrətin razılığını qazanmağa çalışsınlar və günahdan qorunsunlar ki, Həzrətin (ə.f) narahatçılığına səbəb olmasınlar. O həzrətin (ə.f) yolunu getmək Allahdan itaət etməkdir, o həzrətin (ə.f) razılığı Allahın razılığıdır, həmçinin ona (ə.f) itaətsizlik etmək və narahatçılığına səbəb olmaq, Allaha üsyan etmək və Allahı qəzəbləndirmək kimidir. O həzrətə (ə.f) itaət etmək üçün imam və əqidəmizi bilməli və qorumalı, həmçinin şəriət məsələlərini öyrənməli və əməl etməliyik. Peyğəmbərin (s) və məsum imamların (ə) tövsiyələrini dinləməli, əmrlərini yerinə yetirməliyik ki, nəfsi təhzib və təzkiyə etməyin yolu məsumların (ə.f) sirə və sünnəsinə əməl etməklə hasil olur. Hər mömin özünün ictimai əxlaqına, rəftarına və davranışına diqqət etməli, məsum imamların yaraşığı olmağa çalışmalı, Əhli-Beyt (ə) adına utanc gətirməməlidir. Bunun üçün isə hamıya vacibdir ki, uca şəriətimizin bütün göstərişlərinə əməl etsinlər, vacibləri yerinə yetirsinlər, günahlardan çəkinsinlər. Zahir və batinlərini pak saxlasınlar, gözəl əxlasa sahib olsunlar, digərlərini əziyyət etməsinlər, söz və əməldə paklığı qorusunlar, kasıbları, yetimləri və qohumları yoxlasınlar, valideynə yaxşılıq etsinlər. Bu deyilənlərə əməl etmək Allah-Taalanın, Peyğəmbərin (s) və İmam Zamanın (ə.f) razılığına, dünya və axirət xeyirinə səbəb olacaqdır. Möminlər qeyb dövründə öz aralarında dostluq əsasında bir-birilərinə yaxşılıq və təqva ilə dəstək olmalı, bir-birlərini haqqa və səbrə dəvət etməli, dəstələrə bölünmək, parçalanmaq və bir-birləri ilə kin saxlamaq və düşmənçilikdən uzaq olmalıdırlar. Maddi imkanı geniş olanlar şəri hüquqları (xüms və zəkat) ödəsinlər. Bundan əlavə xeyriyyəçilik prinsipləri əsasında yoxsullara və ehtiyaclılara kömək etmək üçün tələssinlər. Çünki Həzrət Mehdini (ə.f) sevənlərdən birinə kömək etmək şəxsən O həzrətin (ə.f) özünə kömək etməkdir. Buna görə ki, o yoxsulların hamısı İmam Zamanın (ə.f) ailəsi sayılır. Amma Allah-Taala belə iradə etmişdir ki, O həzrət (ə.f) naməlum bir zamandək qeybdə qalsın. Bizim hamımızın vəzifəsi budur ki, qeyb dövründə özümüzü həlakedici və azdırıcı fitnə və şübhələrin tələsinə düşməkdən qoruyaq. Qeyb dövrünün fitnələrinin ən pisi insanların dini əqidəsini süstləşdirən, onları dindən və Həzrətin (ə.f) vilayətindən uzaqlaşdıranıdır. Bu fitnələrdən biri insanların xüsusi naiblik iddiası edənlərin və ya O həzrətlə xüsusi və daimi əlaqəsi olduğu və xüsusi göstərişlər aldığı yalanını deyənlərin tələsinə düşməsidir. Belə yalançı insanlar qədim zamanlardan şiələrin Əhli-Beyt (ə) maarifinə müraciət etməsinin qarşısını almağa çalışan “əqidə oğruları”dırlar. On iki əsr davam edən bu qeyb dövründə şiələrin sirəsi və həyat tərzi bu olmuşdur ki, (əqidələrini yaxşı öyrənərək) müxaliflərin şübhələri qarşısında büdrəməmişlər, (maarif baxımından zəif) dostlarına şübhələrlə üzləşdikdə kömək etmişlər, onları Əhli-Beytin (ə) sünnəsinə tabe olan ədalətli fəqihlərə yönəltmişlər, çünki İmam Zaman (ə.f) Allahın höccəti, ədalətli və təqvalı fəqihlər isə İmam Zamanın (ə.f) insanlara höccətidir. Bu zamanın fitnələrindən biri də bəzilərinin insanları Əhli-Beytə (ə) nisbət verilən hər şeyə itaət etməsinə çağırmasıdır. Halbuki onların (o dəvətçilərin) dini mətnləri tanımaq və dərk etməkdə heç bir ixtisasları yoxdur. Bu cür halların yayılmasının nəticəsi budur ki, dini mətnlər barədə ixtisası olmayanlar cəmiyyətin avamları arasında fəqihlərin yerini tuturlar. İnsanların dinini məhv edən və özlərini həlaka salan bidətlərdən biri də dini məsələlərdə şəkk və şübhə toxumlarını yaymaqdır. Dini göstərişlərə əməl etməkdə çətinlik çəkənlər (özlərini safa çıxartmaq üçün) həmin məsələləri inkar edir və ya şübhə ilə yanaşırlar. Dinə əməl etməyənin bir günahı vardırsa, dində şəkk və şübhə icad etməyə çalışanın iki günahı vardır. Möminlər zühurun vaxtı barədə danışılan faydasız və əsassız xəyallar və illüziyalardan uzaq olmalıdırlar. Çünki bu barədə təkidli qadağa vardır və bu cür iddialar Həzrət (ə.f) tərəfindən təkzib edilmişdir. Tarix də bu cür sözlərin yalan olduğu təcrübəsini ortaya qoymuşdur. Möminlər bilməlidirlər ki, bu deyilənlərə əməl etmək həqiqi müntəzirlərin iddialarında sadiqliyini və onların İmam Zamanın (ə.f) zühurunu görə bilmək, ona kömək etmək üçün itaətkarlığını göstərir. Bunlara əməl edənlərə zühuru görmək nəsib olmasa da Allah-Taala onları Qiyamət günü İmam Mehdini (ə) görərək ona kömək edənlərin sırasında məhşur edəcək, onlara verdiyi mükafatı verəcək və bu, aqibətin xeyirli olmasıdır. “İlahi, İslam və müsəlmanların izzət tapdığı, münafiqlərin zəlil olduğu bir dövlət arzusundayıq. İlahi, bizə belə bir dövlətdə sənin itaətinə dəvət edənlərdən, sənin yoluna rəhbərlik edənlərdən olmaq tövfiqi ver və bizə dünya və axirət kəramətini nəsib elə. Bizim salamımızı sənin vəliyyin Höccət ibn Həsənə (ə.f) çatdır. Onun duasını bizə hədiyyə et”. İraq, Nəcəful-Əşrəf şəhəri, Həzrət Ayətullah Üzma Sistaninin dəftərxanası” Oxşar xəbərlər
|