Ustad Fatimi Niya: Allah bilir ki, anaya bir dəfə hirslənmək, insanı yüz il geriyə atır
Ustad Abdullah Fatimi Niya cavanlara tövsiyəsində buyurmuşdur:
Bildiyimiz kimi, cavanların gücü və qüvvəsi çox olur və böyük potensiala malik olurlar. Cavanlıq dövrünün güc və qüvvəsinin qədrini bilmək və onlardan lazımınca faydalanmaq lazımdır! Cavanlar gərək kamillik və inkişafa gedən yolda fəaliyyətlərini düzgün istiqamətləndirsinlər. Cavanların təbiət qucağında istirahət, səyahət və idman etməyə həqiqətən də ehtiyacı vardır və onlar özlərini Allahın verdiyi bu nemətlərdən məhrum etməməməlidirlər. Amma yaddan çıxarmamalıyıq ki, Allahın bəxş etdiyi nemətlər yalnız istirahət və idmanla məhdudlaşmır. Əlbəttə, bunlar da lazımdır. Cavanlar bütün kamillikləri qəbul edə bilən biçimdə yaradılmış varlıqlardır və onlar mələkut aləmində pərvaz etməyə qadirdir. Çox diqqətli olmaq lazımdır ki, bu mənəvi, ruhi və elmi potensiallar hədərə getməsin. İdman etmək, sağlam əyləncələrlə məşğul olmaq cavanlar üçün zəruridir, amma bu o demək deyil ki, cavan bütün ömrünü “kim uddu, kim uduzdu” məşğuliyyətilə tələf etsin?! Bəzən görürsən ki, bəziləri cavanları idmana təşviq etmək şüarı altında onları geridəqalmış vəziyyətə salırlar. İnkişaf, kamillik, nəfsin təmizlənməsi, özünü islahetmə, pis əxlaqdan çəkinmək, qəzəbi boğaraq kontrol etmək kimi məsələlərin hamısı cavanlıqdadır. Qocalıqda isə bu işləri görmək qeyri-mümkün olur və ya çox çətin bir məsələyə çevrilir! İnsan heç də təkcəhətli varlıq deyil ki, yalnız fiziki vücudu ilə, yəni ancaq əyləncə və idmanla məşğul olsun. Bunlar lazım və zəruri olmağına baxmayaraq, təklikdə heç də kifayət etmir. İnsan gərək həm cismin, həm də ruhun bütün cəhətlərinə diqqət yetirsin. Qısası demək istəyirik ki, idman və əyləncə mövzu və məqsəd deyil, sadəcə bit yol və vasitədir, amma təəssüflər olsun ki, bu gün bu məsələ məqsədə çevrilmişdir. İdman, fiziki sağlamlıq üçün bir vasitə olub, insan ruhunun, mənəviyyat və düşüncəsinin inkişaf və tərəqqi etməsi, ilahi maarifin əldə edilməsi, təqva və mərifət dərəcələrinin kəsb edilməsi üçün bir müqəddimədir. Digər bir məsələ isə bundan ibarətdir ki, çox təəssüf, cavanlarımızdan bir çoxlarının öz valideynləri ilə davranışı düzgün və münasib qurulmayıb. Valideynə qarşı çıxmaq yalnız o demək deyil ki, Allah eləməsin, atanın və ya ananın üzünə bir şillə vurasan. Bəzən valideynə bir az da olsa acıqlı bir cavab qaytarmaq elə bir küdurət və zülmət yarada bilir ki, yüzlərlə gücə namazı qılmaq onu aradan apara bilmir. Belə olduqda İmam Zaman əleyhissəlam da insana nəzər yetirmir! İmam Rza əıeyhissəlam da həmin insandan gileylənir. Bəzi cavanlar “Kumeyl” və “Nüdbə” dualarını oxusalar belə, evlərində dillərini kontrol edə bilmirlər. Arvad-uşaq, bacı-qardaş və valideynləri ilə düzgün davranmırlar. Məhz bu məsələ də, onların müxtəlif savab işlərdən məhrum olmalarına və savab işlərdən lazım olan zövqü ala bilməmələrinə səbəb olur. Həzrət Musa İbn Cəfər (ə) buyurur: “Möminin qəlbi Kəbədən üstündür.” Vilayət Şahı olan Ağa imam Zamanın (ə.f) məhəbbət və eşqini özündə gəzdirən qəlb, Kəbədən üstündür! Bildiyiniz kimi bizlər şiə məzhəbli bir ölkədə yaşayırıq və yuxarıda qeyd olunan kəlamı nəzərə alsaq, bizim sağ-solumuzda kəbələr gəzməkdədir. Əlimiz İlahi nəsim küləklərinə çatır. Digər tərəfdən isə, Allah göstərməsin hansısa qəlbi qırmaq zülmət və çarəsizliyə səbəb ola bilir. And olsun Vahid olan Allaha ki, “La şərikə ləh”dir! Əgər qəzəb və hirsinizi kor etməsəniz, heç bir yerə yetişə bilməyəcəksiniz! Qəzəbə təlaq verməlisiz! Dilinizə nəzarət edin! Bu istiqamətdə məşq edin! Həzrət buyurmuşdur: “Əgər səbirli və həlim deyilsizsə, özünüzü dözümlü və həlim olmağa vadar edin!” Bir müddət qəzəbini boğmaq və hüsni-əxlaq kəsb etmək uğrunda məşq etsəniz, sonra asanlaşacaqdır. Valideyn məsələsi ilə zarafat etmək olmaz! Allah bilir ki, anaya bir dəfə hirslənmək, insanı yüz il geriyə atır. Əgər bu barədə səhlənkarlıq etmisinizsə, gec olmadan əvəzini çıxın! Qüdsi hədislərin birində belə buyurulur: “Valideynin üzünə ağ olmuş şəxslərə deyin ki, ata və ananız sizdən razı qalmayınca, sizin heç bir əməliniz qəbul edilməyəcəkdir!” Əgər valideyniniz dünyasını dəyişmişdirsə, gedin onlardan razılıq istəyin, onlar üçün sədəqə verin və Allahdan özünüzün və onun bağışlanmasını istəyin ki, o biri aləmdə sizdən razı qalsınlar! Onları xeyirli əməllər, sədəqə vermək və dua etməklə özünüzdən razı sala bilərsiniz! Oxşar xəbərlər
|