Bu gün Azərbaycanda Anım Günüdür
Bu gün Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarının, döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə başladılan Vətən müharibəsində canlarından keçən qəhrəman şəhidlərin Anım Günüdür.
Artıq üçüncü ildir sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd olunur. Anım Günü ilə əlaqədar mərkəzi və yerli icra hakimiyyəti strukturları ölkə miqyasında bir sıra tədbirlər təşkil edir, eləcə də ölkə xaricində anım mərasimləri keçirilir. Ötən il olduğu kimi bu il də Anım Günündə şəhidlər Azərbaycanda fəaliyyət göstərən dini məbədlərdə - məscidlərdə, kilsələrdə, sinaqoqlarda dərin ehtiramla yad olunacaq, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının ruhuna dualar oxunacaq. Qeyd edək ki, Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il sərəncamına əsasən Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycanın ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərə, bütün şəhidlərə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-i Azərbaycanda Anım Günü kimi qeyd edilir. Xatırladaq ki, 2020-ci ilin sentyabrın 27-də rəşadətli Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarının, döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə bütün cəbhə boyu əks-hücum əməliyyatlarına başlayıb. 44 günlük Vətən müharibəsi Azərbaycanın həm döyüş meydanında, həm də siyasi masada qələbəsi ilə başa çatıb. Bütün bunlara Azərbaycan Ordusunun 2908 şəhidinin qanı bahasına nail olunub. Beləliklə, uzun illər erməni işğalı altında olan Azərbaycanın əzəli və əbədi torpaqları azad olunub. Bununla da Azərbaycanın ərazi bütövlüyü bərpa olunub. Hazırda azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işləri aparılır, eləcə də insanların öz yurdlarına qayıdışı təmin olunur. Allah Vətən uğurunda canlarından keçən bütün şəhidlərə rəhmət eləsin! www.24news.ge Oxşar xəbərlər
|