İmam Xomeyninin Qorbaçova göndərdiyi məktub
Mьəllif: admin1
Tarix: 20-05-2015, 14:42
Bцlmə: Xəbərlər
İmam Xomeyninin Qorbaçova göndərdiyi məktub

Bismillahir-rəhmanir-rəhim Cənab Qorbaçov!
Sovet Sosialist Respublikaları İttifaqı İdarə Heyətinin Sədri. Sizə və Sovet xalqına xoşbəxtlik və cansağlığı arzulayıram. Rəhbərliyə gəlməyinizdən sonra, belə görünür ki, dünyanın siyasi vəziyyəti və xüsusilə də Sovetlərin problemlərinə yeni yanaşma başlatmışsınız. Bu cəsarət və addımınız dünyada hazırda mövcud olan tarazlıqları sarsıda biləcək hadisələrə səbəb ola biləcəyindən, bəzi məqamları xatırlatmağı lazım gördüm. Hər nə qədər bu təşəbbüsləriniz partiyadaxili problemləri və bu problemlərlə yanaşı xalqınızın bəzi problemlərini həll etməyə yönələn təşəbbüslər olması mümkün isə də, bunun dünyanın inqilabi övladlarını illər ili dəmir pərdələr arxasındakı zindanlara həbs edən sisteminizdə (təliminizdə) dəyişikliklərə yol açması baxımından da əhəmiyyətlidir. Və əgər bu təşəbbüslərinizdə daha geniş addımlar atmaq istəyirsinizsə uğurlu olmağınıza yol açacaq ilk məqam, Sovet xalqına ən böyük zərbə endirən sələflərinizin (özünüzdən əvvəlkilərin) Allah və Din düşmənçiliyi siyasətini ən başdan gözdən keçirməyiniz və dünyada ortaya çıxan proseslərə qarşı çıxmağın yeganə yolunun bu olduğunu bilmənizdir. Keçmiş kommunist liderlərin iqtisadiyyat sahəsindəki səhvlərinin Qərbin cənnət kimi görülməsinə yol açması mümkündür. Amma həqiqət bundan başqasıdır. Siz əgər sosializm və kommunizmin iqtisadi problemlərini Qərb kapitalizminə qucaq açaraq həll etmək istəyirsinizsə, sadəcə, cəmiyyətinizin heç bir dərdinə çarə tapa bilməməklə qalmaz, başqalarının gəlib sizin səhvlərinizə çarə aramaq məcburiyyətində qalmasına da yol açmış olarsınız. Çünki əgər bu gün Marksizm və onun ictimai-iqtisadi tövsiyələri bir çıxılmaz vəziyyətlə üz-üzə gəlmişdirsə, Qərb dünyası da başqa sahələrdə və başqa şəkillərdə böhranlarla qarşı-qarşıyadır. Cənab Qorbaçov! Bunu yaxşı bilmək lazımdır ki, ölkənizin əsas problemi mülkiyyət, iqtisadiyyat və azadlıq problemi deyil. Əsas probleminiz Allaha inamınızın olmamasıdır. Qərbi də tənəzzül və çıxmaza sürükləyən əsas məqam məhz budur. Əsas probleminiz varlığı var edən, yaradan Allahla uzun müddətli və faydasız mübarizənizdir. Cənab Qorbaçov! Artıq hamı başa düşmüşdür ki, bundan sonra kommunizmin yeri dünya siyasət muzeyidir. Çünki Marksizm insanın heç bir probleminə həll tapa bilməyib. Çünki o materialist bir təlimdir. Və materializmlə bəşəriyyəti Qərbdə və Şərqdə pəncəsində əzən mənəvi problemlərə həll yolu tapıla bilməz. Cənab Qorbaçov! Sizin bəzi məqamlarda Marksizmə arxa çevirməmiş olmağınız və öz çıxışınızda bu sistemə sədaqətinizi ifadə etməyiniz mümkündür, amma siz də bilirsiniz ki, vəziyyət belə deyildir. Kommunizmə ilk zərbəni Çin lideri endirdi; İkinci və bu gün üçün son zərbəni də siz endirmiş oldunuz. Bu gün artıq dünyada Kommunizmdən əsər-əlamət qalmamışdır. Amma sizdən kommunizm zindanından çıxaraq Qərb zindanına və Böyük Şeytanın pəncəsinə düşməməyinizi istəyir və yetmiş ildir ki, ölkənizin alnında bir qara ləkə olaraq yer etmiş kommunizmi ortadan qaldırma fəxrini əldə etməyinizi arzulayıram. Bu gün artıq sizin yanınızda yer alan və xalqları ilə vətənlərindən yana mövqe tutmaq niyyətində olan ölkələrdən heç biri çatırdayan sümüklərinin səsi hər yerə yayılan Kommunizm daha çox güclənsin deyə yeraltı və yerüstü davalarını heba etmək istəmir. Cənab Qorbaçov! Bəzi Respublikalarınızda məscidlərin yetmiş illik bir aradan sonra ibadətə açılması və minarələrindən Allahu Əkbər nidaları ilə Kəlimeyi-Şəhadətin eşidilməsi bütün Məhəmmədi (s) İslamın tərəfdarlarını sevinc göz yaşlarına boğdu. Bu münasibətlə sizi bir daha maddi və mənəvi dünya görüşləri üzərində düşünməyə dəvət etmək istədim. Materiyalistlər dünya görüşlərində məlumatın mənbəyi kimi duyğuları əsas götürmüş və duyumsanamayan şeyləri elmdən kənar qəbul edərək varlığı maddədən ibarət saymış, maddə olmayan heç bir şeyin mövcud olmadığını iddia ediblər. Bunlar Allah-təalanın varlığı, Vəhy, Nübuvvət və Qiyamət kimi qeybi məqamların hamısını əfsanə sayırlar. Halbuki İlahi dünya nəzərində məlumatın mənbəyi duyğu və ağıldır. Və ağla uyğun olan bir şey duyumsanamasa da elm çərçivəsindədir. Bu səbəbdən də varlıq, qeyb və şuhuddan (görünürdən) mütəşəkkildir. Və maddə olmayan şeylərin də varlığı mümkündür. Eynilə maddi varlığın mücərrədə söykənmə ehtiyacında olması kimi, situasiyalı bilik də əqli biliyə ehtiyac duyur. Qurani-Məcid, materialist düşüncə tərzini tənqid etməklə və "Allah yoxdur, çünki olsaydı görünərdi." ("Allahı görmedikcə sənə inanmarıq") deyənlərə belə səslənir: ("Onu gözlər dərk edə bilməz, lakin O, gözləri dərk edən və lətifdir, xəbərdardır.") Əslində sizin üçün ilk və əsas mövzu olan, əziz və uca Quranın vəhy, nübuvvət və axirət barəsindəki dəlillərini hələlik müzakirə etməyək. Əsasən sizi burada İslam fəlsəfəsi problemlərinə çəkmək də istəmirəm. Burası müzakirə aparılmaz bir məqamdır ki, maddə və cisim hər nə olursa olsun, özündən xəbərsizdir. Daşdan bir heykəl və ya bir insan heykəlinin bir tərəfi o biri tərəfindən xəbərdar deyil. Halbuki açıq bir şəkildə görürük ki, insan və heyvan ətrafında baş verənlərdən xəbərdardır. Bunlar harada olduqlarını, ətraflarında nələrin olub bitdiyini və dünyada necə bir mübarizənin davam etdiyini bilirlər. O halda insanda maddə üstü, maddədən ayrı və maddənin ölməsi ilə ölməyən bir şey var. İnsan fitri olaraq hər şeyin ən mükəmməlinə talibdir və siz də çox yaxşı bilirsiniz ki insan dünyanın mütləq gücünü ələ keçirmək istəyir və çatışmazlıqlardan çəkinir. Əgər dünyanı özünə versəniz və başqa bir dünyanın da mövcud olduğunu desəniz o dünyanı da ələ keçirmək istəyər. İnsan nə qədər müdrik olursa olsun bilmədiyi bir məlumatın mövcudluğu ona çatdırılanda o məlumatı da əldə etmək üçün çırpınır. O halda insanın könül verəcəyi mütləq bir güc və mütləq bir məlumatın mövcudluğu lazımdır. Biz bu mütləq güc və məlumatı bilməsək də inamımız odur ki, bu güc və məlumatın mənbəyi Allahdır. İnsan Allahda fani olmaq üçün (Fənafillah) mütləq Haqqa çatmaq istəyər. Hər insanda mövcud olan əbədi həyata, əbədilik arzusu, ölümsüz və əbədi bir dünyanın varlığının sübutudur. Əgər bu sahədə araşdırma aparmaq istəyirsinizsə bu elmlərin mütəxəssislərinə, Qərb filosoflarının yazdıqlarına əlavə olaraq Məşşaiy hikmət sahəsində Fərabi və İbn Sinanın (Allahın rəhməti üzərlərinə olsun) yazdıqlarına müraciət etmələrini əmr edə bilərsiniz ki, bu yolla hər növ informasiyanın əsaslandığı İlliyyət (səbəbiyyət) və Məluliyyət prinsiplərinin duyğu əsəri deyil, ağlın əsəri olduğu və hər cür dəlilin özünə əsaslandığı külli mənaların (ümumi qanunların) duyumsanabilən deyil, əql edilə bilən (uslamlanabilən) olduqları başa düşülsün. Həmçinin bu mütəxəssislər Sührəverdinin (Allahın rəhməti üzərinə olsun) Hikməti-İşraqla əlaqədar kitablarına müraciət edərək sizə təsvur və hər cür maddi varlığın duyğudan uzaq bir sırf nura ehtiyac duyduğunu və insanın öz reallığını dərk etməsinə yarayan zatı tapmasının müşahidə idrakının göz hissiyyatına ehtiyacı olmadığını da izah edə bilərlər. Bu böyük ustadlara Sadrul-Mutəəllihinin (Allah ondan razı olsun və onu Nəbilər və salehlərlə birlikdə həşr etsin) Hikməti-Mütəaliyəsinə müraciət edərək elmin həqiqətinin maddədən ayrı bir varlıq olduğunu hər cür düşünmənin maddələrdən uzaq olduğunu və maddi qayda-qanunlara məhkum olmadığını göstərmələrini əmr edə bilərsiniz. Sizi bundan daha çox yormaq istəmir və son olaraq ariflərin və xüsusilə də Muhyiddin İbnul-Ərəbinin kitablarına diqqətinizi çəkmək isləyirəm. Əgər bu böyük insanın dedikləri haqqında məlumat sahibi olmaq istəyirsinizsə, bu məqamlarda araşdırmaları olan bir neçə ağıllı müəlliminizi bir neçə il ərzində bu nəzakətli və həssas məsələni öyrənmək üçün Quma göndərə bilərsiniz. Çünki bu incə məqamları başqa bir yolla öyrənmələri mümkün deyil. Cənab Qorbaçov! Bu məqamları düşündükdən və bu girişdən sonra sizdən İslam haqqında dərindən araşdırmalar aparmağınızı istəyirəm. Bu istək isə İslamın və Müsəlmanların sizə ehtiyacı olmasından deyil, İslamın uca və ümumbəşəri dəyərlərindən qaynaqlanmaqdadır. Bu dəyərlər millətlərin qurtuluş və cansağlığı imkan verəcək və kordüyünə çevrilən problemlərini həll edə biləcək dəyərlərdir. İslamı araşdırmaq sizi Əfqanıstan Problemi və buna bənzər problemlərdən uzaq tuta biləcəkdir və bilin ki, biz bütün dünya Müsəlmanlarını öz ölkəmizin Müsəlmanları kimi qəbul edir və özümüzü onların alın yazısına tərəfdaş sayırıq. Bəzi Sovet Respublikalarında dini mərasimlərə nisbi miqdarda da olsa icazə verməyiniz artıq dinin cəmiyyəti keyləşdirən bir amil olduğu ideyasından imtina etdiyinizi göstərir. Görəsən İranın super güclərin qarşısına sarsılmaz bir dağ kimi dayanmasını təmin edən bir dini, cəmiyyəti keyləşdirən bir tiryək saymaq mümkündürmü? Görəsən bütün dünyada ədalətin gerçəkləşməsindən yana olan və insanın bütün maddi və mənəvi zəncirlərdən xilas olmasını istəyən bir din cəmiyyəti keyləşdirən tiryəkdirmi? Amma bəli, İslam prinsipləri ilə İslami olmayan ölkələrin maddi və mənəvi sərvətlərinin super güclərin və güclülərin əlinə keçməsinə səbəb olan və xalqa "din siyasətdən ayrıdır" deyə təlqin edən bir din, bəli cəmiyyəti keyləşdirən bir tiryəkdir. Halbuki bunu edən bir din deyil və xalqımız bu cür bir dinə "Amerikançı din" adını vermişdir. Son olaraq açıq şəkildə elan edirəm ki, İran İslam Respublikasının İslam Dünyasının ən böyük və ən güclü mərkəzi olaraq sizin etiqadi nöqsanlarınızı tamamlaya biləcək gücdədir. Maamafih İran İslam Respublikası keçmişdə olduğu kimi yaxşı və qarşılıqlı qonşuluq əlaqələrindən yanadır və bu münasibətləri möhtərəm sayır. "Xudaya tabe olanlara salam olsun" Ruhullah əl-Musəvi əl-Xomeyni 1 Yanvar 1989 Tərcümə etdi: Səmral Quluzadə
Mənbə : İslamazeri
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031