Bu gecə həzrəti Zeynəbi-Kübranın (s) mövlud gecəsidir
Mьəllif: admin1
Tarix: 13-02-2016, 17:43
Bцlmə: Xəbərlər
Bu gecə həzrəti Zeynəbi-Kübranın (s) mövlud gecəsidir
Cəmadiyül-əvvəl ayının 5-i (Fevralın 14-ü) xanım Zeynəbi-Kubranın (s.ə.) doğum gününə təsadüf etdiyindən, o həzrətin həyatı ilə bağlı bəzi məqamları qısa şəkildə əziz oxucularımızın diqqətinə çatdırırıq:

İmam Əli (ə) ilə xanım Fatimeyi-Zəhranın (s.ə.) Həsən, Hüseyn, Zeynəb, Ümmü-Gülsüm və Möhsin adlı beş övladı olmuşdur. İmam Sadiqdən (ə) nəql olunan hədisə əsasən, bu ailənin son övladı olan Möhsin imam Əlinin (ə) düşmənlərinin o həzrətin evinə olan təcavüzü nəticəsində xanım Fatimeyi-Zəhranın (s.ə.) bətnində öldürülür və ondan sonra xanım ağır xəstələnərək şəhadətə yetir!

Bu xanədanın üçüncü övladı xanım Zeynəbi-Kubra (s.ə.) 5-ci (yaxud 6-cı) hicri-qəməri ilinin Cəmadiyül-əvvəl ayının 5-də Mədinədə dünyaya göz açır və 62-ci hicri-qəməri ilinin Rəcəb ayının 14-ü, bazar günü Şamda (Suriya) dünyasını dəyişir. Əmisi oğlu Abdullah ibn Cəfər Təyyarla ailə həyatı qurur. Ovn və Məhəmməd adlı iki yeniyetmə oğlu Kərbəlada şəhid olur.

SƏMAVİ AD

“Zeynəb” atanın zinəti deməkdir. Allah tərəfindən belə adlanan bu qız öz vəzifəsini yerinə yetirməklə tarixin zinəti və ailəsinin fəxri olur. Onun adqoyma mərasimi haqda tarixdə belə göstərilir:

Xanım Zeynəbin (s.ə.) təvəllüdü zamanı Peyğəmbəri-Əkrəm (s) səfərdə olduğundan xanım Fatimeyi-Zəhra (s.ə.) imam Əlidən (ə) istəyir ki, uşağa ad qoysun. İmam Əli (ə) buyurur: “Mən atan Peyğəmbərdən qabağa keçmərəm. Səbir edək Peyğəmbər (s) səfərdən gəlsin və hansı adı məsləhət bilsə, o adı da uşağa qoysun.”

Peyğəmbər (s) üç gündən sonra səfərdən qayıdır. İmam Əli (ə) xanım Zəhranın uşağı olması xəbərini Peyğəmbərə (s) çatdırıb, ondan uşağa ad qoymasını xahiş edir. Peyğəmbər (s) buyurur: “Fatimənin övladları mənim övladlarımdır, lakin onlar barəsində qərar vermək və onlara ad seçmək yalnız Allaha məxsusdur.”

Ondan sonra vəhy mələyi Cəbrail-Əmin nazil olub deyir: “Ey Allahın Rəsulu! Allah sənə salam yetirib buyurur: Bu qızın adını Zeynəb qoy! Çünki Mən bu adı “Lövhi-Məhfuz”da yazmışam.”

Bunu eşidən Peyğəmbər (s) Zeynəbi öpüb buyurur: “Ümmətimə tövsiyə edirəm ki, bu qıza hörmət etsin. Çünki, o, Xədiceyi-Kubraya bənzəyir.” (“Xəsaisuz-Zeynəbiyyə”, səh.55.)

Yəni xanım Xədiceyi-Kubranın (s.ə.) İslamda fədakarlıqları kimi, xanım Zeynəbi-Kubranın da İslam yolunda dözümlülüyü, şücaət və mübarizəsi bu dinin əbədiliyi üçün xüsusi əhəmiyyətə malikdir.

Nəql olunur ki, Peyğəmbəri-Əkrəm (s) uşağı qucağında aldıqdan sonra üzünü onun üzünə qoyub ağlamağa başlayır. Xanım Fatimeyi-Zəhra (s.ə.) atası Peyğəmbərdən (s) ağlamasının səbəbini soruşduqda, Peyğəmbər (s) buyurur: “Qızım Fatimə! Bil ki, məndən və səndən sonra bu qız müxtəlif ağır bəla və müsibətlərə düçar olacaq.” Xanım Fatimeyi-Zəhra (s.ə.) da ağlayaraq soruşur: “Atacan! Ona və onun başına gələcək müsibətlərə görə ağlayanın savabı nədir?” Həzrət buyurur: “Ey ciyərparəm və gözümün nuru! Ona və onun müsibətlərinə ağlayan hər bir kəsin savabı onun iki qardaşına (Həsən və Hüseynə) ağlayanın savabı kimidir!” (“Xəsaisuz-Zeynəbiyyə”, səh.53.)

DƏRDLİ YUXU

Xanım Zeynəbi-Kubra (s.ə.) beş il Peyğəmbərlə (s) bir zamanda yaşayır və elə uşaq ikən onu gözləyən qəmli macəraları yuxuda görür. Babası Peyğəmbərin (s) hüzuruna gəlib yuxuda gördüklərini o həzrətə danışır:

“Ey Peyğəmbər (s), bu gecə yuxuda gördüm ki, şiddətli bir külək əsib bütün dünyanı zülmətə qərq etdi. Mən küləyin şiddətindən o tərəf-bu tərəfə düşürdüm. Axırda məcbur qalıb böyük bir ağacdan yapışdım. Amma külək onu da yerindən qopartdı. Mən ikinci dəfə onun bir budağından tutdum, amma o da davam gətirmədi. Üçüncü dəfə onun başqa bir budağından yapışdım, lakin külək onu da sındırdı. Sonra bir-birinə yapışmış iki budağa üz tutdum ki, birdən onlar da sındı və mən yuxudan ayıldım.”

Peyğəmbər (s) Zeynəbin yuxusunu eşitdikdən sonra ağlayıb buyurur: “Sənin ilk yapışdığın ağac babandır ki, teziliklə dünyadan gedəcək. Sonrakı iki budaq da ata və anandır ki, onlar da dünyadan gedəcəklər. Bir-birinə yapışmış iki budaq isə qardaşların Həsən və Hüseyndir ki, onların müsibətində dünya zülmətə qərq olacaqdır.”

Çox keçmir ki, xanım Zeynəbin yuxusunun birinci hissəsi gerçəkləşir və istəkli babasının vəfatı ilə o, ilk pənahını əldən verir... (“Xəsaisuz-Zeynəbiyyə”, səh.255.)

XANIM ZEYNƏBİN (S.Ə.) İBADƏTİ

İmam Səccad (ə) buyurur: “Bibim Zeynəb (s.ə.) Kərbəla hadisəsində, o qədər çətinliklərlə belə Aşura gecəsi və Məhərrəm ayının 11-ci gününün gecəsi “gecə namazı”nı tərk etmədi. İmam Hüseyn (ə) xanım Zeynəbin (s.ə.) ixlas və bəndəçiliyinə o qədər etiqadlı idi ki, Aşura günü vidalaşan zaman ona xitabən buyurdu:

یا اختاه لا تنسینى عند نافلة اللیل

“Bacım Zeynəb! Gecə namazında məni unutma!” (Zeynəbi-Kubra”, səh. 62-63.)

Rza Şükürlü


maide.az
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930